UEFA Çempionlar Liqasında azarkeşlərin böyük maraqla gözlədiyi daha bir oyun Mariddə olacaq. Orada “Real” futbolçuları “İnter”i qəbul edəcəklər. İspaniya klubuna rəhbərlik edən Zinəddin Zidan qarşılaşmanı final mübarizəsi kimi qiymətləndirib. Antonio Konte isə “Real”dan çəkinmədiklərini bildirib.

UEFA Çempionlar Liqasının C qrupunda “Real” və “İnter” komandalarının çətinlik çəkmədən pley-ofa çıxacağı gözlənilsə də, ilk oyunlar bu ehtimalı alt-üst etdi. İlk 2 matçda nə Madrid klubu, nə də İtaliya kollektivi qələbə qazana bildi. Startda “Real”ı məğlub edən, daha sonra öz meydanında “İnter”lə heç-heçəyə nail olan Donetsk “Şaxtyor”u hazırda C qrupunun lideridir. Eyni rəqiblərə qarşı oyunlarını heç-heçəylə başa vuran “Borussiya” Mönhenqladbax isə 2-ci sıradadır. Eyni miqdarda xal toplasa da, daha az qol vuran “İnter” 3-cü yerdədir. Yalnız 1 xal qazanan “Real” isə 4-cü sıradadır. Turnirin rekordçusunu belə acınacaqlı vəziyyətdə görmək, əlbəttə təəccüblüdür. Təsadüfi deyil ki, baş məşqçi Zinəddin Zidan jurnalistlərə açıqlamasında “İnter”lə matçın final xarakteri daşıdığını deyib: "Bəlkə də qrupda taleyimizi həll edəcək matça çıxacağıq. Əsl final ab-havası olacaq. Bunu hamı dərk edir. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Antonio Konteni çox yaxşı tanıyıram. Vaxtilə onun kapitanlıq etdiyi “Yuventus” komandasının üzvü olmuşam. Konte əsl liderdir. Futbolçu olanda da Kontenin gələcəkdə güclü baş məşqçiyə çevriləcəyindən əmin idim. Onun işini çox yüksək qiymətləndirirəm. Əminəm ki, bizə qarşı da xüsusi planları olacaq".

Antonio Konte isə rəqibdən çəkinmədiklərini bildirib: "Səfərdə “Real” kimi komandaya qarşı çıxış etmək əlbəttə ki, asan deyil. Amma biz də öz gücümüzü göstərməyə çalışacağıq. Təmkinli oynayıb uğurlu nəticə qazanmaq istəyirik. Düşünürəm ki, 90 dəqiqə ərzində diqqətli olsaq, nailiyyət əldə edəcəyik. Gərgin mübarizə gözləyirəm. İnanıram ki, sonda azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, “Real” Madrid – “İnter” oyunu bu gün Bakı vaxtilə gecə saat 12-də başlanacaq.